NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Velosiped sürmək həm sağlamlıqdır, həm də...

Oxundu: 410
Velosiped sürmək həm sağlamlıqdır, həm də...

Son bir neçə ildə ölkəmizdə, xüsusən də Bakıda velosiped sürənlərin sayı artmaqdadır. Yeniyetmələr, gənclər qədər yaşlı insanlar da velosipeddən istifadəyə maraq göstərir, bu yolla sağlam və gümrah qalmağa çalışırlar.

 

Məlum olduğu kimi, velosipeddən istifadə etmək ilk öncə sağlamlığımız üçün çox faydalıdır. Həkimlər də bildirir ki, velosiped sürdükcə bir çox xəstəlikləri geridə qoymaq olur. Məsələn, velosiped sürərkən ürək damarları məşq edir, insan daha sağlam ağciyərə sahib olur, tənəffüs xəstəliklərinə qarşı müqaviməti artır, yuxu sistemi qaydasına düşür.

 

Həmçinin ayaqlarla velosipedin pedallarını çevirdikcə insan əzələləri inkişaf edir, maddələr mübadiləsinin sürəti artır. Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir. Diz ağrısı çox rast gəlinən bir narahatlıqdır, bu baxımdan velosiped sürməklə oynağın ətrafındakı əzələləri inkişaf etdirir, burxulma və əzilmənin qarşısını alınır.

 

Velosipeddən istifadə etməklə həm də təbiəti qorumuş oluruq. Araşdırmalar da onu göstərir ki, velosipeddən istifadə həm də qlobal istiləşmənin qarşısının alınmasında vasitədir. Belə ki, motorlu nəqliyyat vasitələri istixana qazlarının yayılmasına səbəb olur. Bir il boyunca qısa məsafəli yollarda velosipedden istifadə 500 kq-dan 1 tona qədər karbon qazının yayılmasının qarşısını alır. Bir sözlə, velosipeddən istifadə həm sağlamlığımız üçün çox faydalıdır, həm də təbiətin qorunmasında uğurlu vasitədir.

 

Qeyd edək ki, hazırda paytaxt Bakıda Ağ Şəhərdə və Yeni Bulvar ərazisində velosiped sürmək üçün xüsusi zolaqlar salınıb, şərait yaradılıb. Məlumata görə, Ağ Şəhərdə kirayə verilən velosipedlərin sayı 80, Yeni Bulvarda isə 120-dir. Hazırda qış mövsümü olmasına baxmayaraq velosiped həvəskarları 1-2 saat ərzində ya kirayə götürdükləri, ya da özlərinə məxsus velosipedləri ilə xüsusi zolaq boyunca bu məkanlarda hərəkət edirlər.

 

İslaminSesi bildirir ki, Musavat.com istirahət günündə Yeni Bulvardakı veloparkda olub, vəziyyət ilə maraqlanıb.

velosiped.jpg (304 KB)

Xatırladaq ki, velopark yaradılan zaman velosipedlərin 1 saatlıq kirayəsi 2 manatdan başlayırdı. Hazırda isə bu qiymət 3 manatdan başlayır. Sürətli velosipedin xidmət haqqı isə əvvəlki kimi 5 manatdır. Bunun səbəbini soruşduqda bizə bildirilir ki, qiymət artımı bir neçə il bundan əvvəl olub: “Bildiyim qədər qiymət artımına səbəb velosipedlərin təmiri, yenilənməsi ilə bağlıdır. Bəzən velosiped istifadəçiləri velosipeddən kobud şəkildə istifadə edir və yaxud çox istifadə velosipedin təmir olunmasına ehtiyac yaradır. Bunlar da hamısı xərc deməkdir. Bu səbəbdən qiymətdə 50 faiz artım olub”.

 

Velosipedi icarə götürməyin də öz şərtləri var. Məsələn, əgər şəxsiyyət vəsiqəsi üzərinizdə deyilsə, velosiped kirayə edə bilməyəcəksiniz. Bu isə velosipedlərin təhlükəsizliyi ilə bağlıdır. Çünki velosiped məkandan kənara çıxarıla və yaxud oğurlana bilər.

 

Bu səbəbdən kirayə yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Vəsiqəni təhvil verdikdən sonra xüsusi kart alınıraraq velosipedlərə nəzarət edən şəxsə verilir. 1 saatlıq yürüş etdikdən sonra velosiped təhvil verilir. Bu zaman kartları yenidən müştəriyə qaytarılır, müştəri isə kartı geri verərək şəxsiyyət vəsiqəsini geri alır. Velosipedlərin icarə verildiyi köşkündən üzərində qeyd edilib ki, velosiped 1 saat ərzində geri qaytarılmazsa, iki saatın xidmət haqqı tələb olunacaq. Bundan əlavə velosiped istifadəçilərinə bildirilir ki, zolaq xəttindən kənara çıxmaq olmaz, yalnız icazəli zolaqla hərəkət etmək lazımdır.

 

Veloparkı diqqətdən keçiririk, məlum olur ki, daha çox gənclər velosiped sürməkdə maraqlıdırlar. Onların əksəriyyəti sürməyə yeni başlayanlardır. Bəzən ilk dəfə sürdükləri üçün velosipedi digər velosipedlərlə toqquşdurur, səkiyə vururdular. Bu isə əlbəttə ki, sonradan velosipedlərdə hansısa detalların deformasiyasına gətirib çıxarır. İcarə şərtlərinə görə müştərinin günahı üzündən velosipedin itirilməsi və ya onun tam məhv olması müəyyən edildikdə, müştəri velosipedin tam dəyərini ödəməyə bocludur. Əgər müştərinin günahı üzündən velosipedə mexaniki ziyan dəyərsə təmirin və ehtiyat hissələrinin qiyməti müştəridən çıxılır. Müştəri qəza törədərsə məsuliyyət müştəriyə aid olur.

velosiped3.jpg (72 KB)

Fürsətdən istifadə edərək veloparkdan yürüş edənlərlə də söhbətləşdik. Alim adlı gənc tələbə olduğunu, həftə sonları buraya öz velosipedi ilə yürüş etmək üçün gəldiyini bildirdi: “Adətən  daha çox səhərlər yürüş etməyi çox sevirəm. Artıq uzun müddətdir ki, velosiped həvəskarıyam. İlk əvvəl çəkimi azaltmaq üçün velosepiddən istifadə edirdimsə, indi daha çox istirahət etmək üçün sürürəm. Çox sevindiricidir ki, Bakıda da bu cür velosiped həvəskarları üçün şərait yaradılıb”.

 

Səbinə adlı gənc qız da artıq çəkidən azad olmaq üçün velosipedlə yürüşə başladığını bildirdi: “Artıq bir müddətdir ki, veloparka gəlirəm. Hələ uşaq ikən velosipedim var idi və mən demək olar ki, hər gün velosiped sürürdüm. Lakin yaşa dolduqdan sonra bu həvəsim geridə qaldı. Artıq bir aya yaxındır ki, yenidən velosipedlə yürüş etməyə başlamışam. Özümü daha gümrah və sağlam hiss edir, eyni zamanda əylənirəm”.

 

Digər xanımlarla da söhbətimizdən belə məlum oldu ki, onlar daha çox artıq çəkidən azad olmaq, ideal bədənə sahib olmaq üçün yürüş edirlər.

 

Veloparkda olarkən veosipedlə yürüş edən ərəb ailəsi ilə də rastlaşdıq. Turistlərlə söhbətləşmək imkanımız olmasa da müşahidə etdik ki, əsasən ailənin yeniyetmə üzvləri yürüş etməyə maraqlıdır. Veloparkın nəzarətçisinin də dediyinə görə qış mövsümündə yürüş üçün veloparka üz tutan turistlərin sayı həddən artıq az olur. Onun dediyinə görə, bəzən ayda yalnız bir dəfə turist müştəri ilə rastlaşırlar.

 

Qeyd edək ki, veloparkda elektrik velosipedlərin də icarə verilməsi ilə bağlı xidmət təklifi olsa da, hazırda bu xidmət aktiv deyil. Velosiped kirayə verən köşkün üzərində - “elektriklə çalışan velosipedlərin yarım saatlıq icarəsi 4 manat, bir saatlıq icarəsi isə 6 manatdır” deyə yazılıb.

 

Veloparkın nəzarətçisinin dediyinə görə, elektrik velosipedlərin kirayəsini təşkili başqa şirkətə məxsus olub: “Şirkət 9 elektrikli velosiped gətirmişdi. Lakin 3 ay çalışdıqdan sonra bu xidmət bağlandı”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system