NAMAZ VAXTLARI:
  • FƏCR 04:35
  • GÜN 06:01
  • ZÖHR 12:43
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Onlar milləti yatızdırmaqla məşğuldurlar” – Dilavər Əzimli yazır

Oxundu: 535
“Onlar milləti yatızdırmaqla məşğuldurlar” – Dilavər Əzimli yazır

Ermənistanı fakt qarşısında qoymaq üçün Dağlıq Qarabağ üzərindən Azərbaycan hərbi uçaqlarının intensiv uçuşu keçirilməlidir

Ermənistanda Nikol Paşinyan komandası iqtidara gələndə bizim müəyyən qüvvələrədə xoş ovqat yaranmışdı. Hətta sətiraltı onu müdafiə də edirdilər... O zaman mən də yazdım ki, Paşinyan Rusiyanın razılığı olmadan iqtidara gələ bilməz. Çünki Ermənistanda Rusiyanın çox böyük hərbi bazası vardır... Bir gecədə Ermənistanı məhv edərlər. Unutmayaq ki, Qərb və ABŞ Ermənistana bizdən daha “isti” yanaşır. Ermənistana xüsusi əhəmiyyət verirlər. Baxın, ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarının sayına. Dünyada ən çox işçisi olan səfirliklərdən biridir. İndi bu Paşinyan bizə meydan oxuyur. O dərəcədə həddini aşdı ki, “Dağlıq Qarabağ Ermənistan ərazisidir” söylədi.

 

Sizcə, bu adam dəlimi oldu? Hesab edirik ki, o qədər də ağılsız adam deyil. O, ona verilmiş planla işləyir. İlk olaraq təklif etdi ki, Azərbaycanla danışıqlarda Dağlıq Qarabağ tərəf kimi iştirak etsin və Dağlıq Qarabağı ayrıca subyekt kimi tanıtdırmağa çalışdı. Bu keçməyəndə başqa plana əl atdı. Qazax və Tovuz ərazilərini intensiv atəşlərə məruz qoydurdu. Əslində, indi də davam etməkdədir. Bununla da çalışdı ki, Azərbaycanı təxribata çəksin. Yəni, Azərbaycan Ermənistan ərazilərinə hücum etsin. Çünki Qarabağ Azərbaycan ərazisidir və orada istənilən zaman anti-terror əməliyyatına start verə bilər. Belə olan halda Rusiya Ermənistanın köməyinə gedə bilməz. Amma Azərbaycan Ermənistan sərhədlərini keçərsə, Rusiya birbaşa müdaxilə edə bilər. Bu plan da keçmədi. İndi üçüncü variantı işə saldı. Bu da “Dağlıq Qarabağın Ermənistan ərazisi olması” variantıdır.

 

Əslində, Paşinyan bununla bizə də şans verdi. Biz Qarabağ ərazilərində anti-terror əməliyyatlarına başlayıb bu məsələni həll edə bilərik. Bunun əvəzində nə baş verir? Bizimkilər yumşaq bəyanatla kifayətləndilər. Sonra da bəzi “politoloqları” “işə” saldılar. Onlar da milləti yatızdırmaqla məşğuldurlar. Bu yatırtma çıxışından birini də bu günlərdə millət vəkili Qənirə Paşayeva etdi.

 

Xanım deputat açıqlamalarında bildirdi ki, Paşinyanın bu çıxışları regionda vəziyyəti daha da gərginləşdirir: “Onun bu addımı bir təxribatdır və bu belə də dəyərləndirilməlidir. Çünki işğalçı Ermənistanın baş naziri də, vətəndaşları da çox yaxşı bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və bundan sonra da olmayacaq. Dağlıq Qarabağ Azərbaycan dövlətinin bir parçasıdır, bu hər zaman belə olub və bütün dünya ölkələri tərəfindən də tanınıb”.

 

Bu sözləri neçə illədir eşidirik. Əksinə, Ermənistanda təbliğat aparırlar ki, Dağlıq Qarabağ Ermənistanındır və vətəndaşlarının əksəriyyəti də bunu qəbul edir. Sosial şəbəkələri izləsəniz bunun şahidi olarsınız. Bəli, dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, o cümlədən də beynəlxalq təşkilatlar. Bundan ardınca nələr baş verir? Nəyə görə bu dünya ölkələri BMT-nin Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamələrinin həyata keçirilməsi məsələsini qaldırmırlar? Qaldırmayacaqlar da. Çünki bu mənasız təşkilata çevrilən BMT Fələstinlə bağlı yüzə qədər qətnamə qəbul edib. Hansı həyat keçibdir? Əksinə, o ölkələr Dağlıq Qarabağa gedən öz parlament nümayəndələrinin qanunsuz hərəkətlərinin qarşısını almırlar.

 

Son illərdə Dağlıq Qarabağda neçə ölkənin şirkətləri yuva qurubdur? Cənab millət vəkili, bunu yəqin ki, bilirsiniz. Orada keçirilən ümumerməni VII yay oyunlarına o ölkələrdən idmançılar gəldi. Həmin dövlətlər buna niyə mane olmadılar? Bəli, bu gün dünya ölkələri Gürcüstanın da, Ukraynanın da ərazi bütövlüyünü tanıyır. Amma işğal altında olan torpaqları qaytarılmır. Biz də elə. İstəsək də, istəməsək də, dünyada tanınmamış “dövlətlər” yaranıb. Onlar arasında hətta diplomatik müqavilələr də imzalanır. Bunlardan biri də Dağlıq Qarabağdır. Bu mənada Paşinyanın çıxışları fonunda sizin çıxışınız da sönük görünür. Mən demirəm ki, əlimizə balta alıb hazırlıqsız cumaq üstlərinə.

 

Ancaq sizdən sual edirəm, cənab millət vəkili, bu illərdə biz nələr edə bilərdik? Bilirəm ki, cavab verməkdə çətinlik çəkəcəksiniz. Mən sizə deyim: Biz bu illərdə diplomatik yollarla iri dövlətlərlə razılığa gəlib anti-terror əməliyyatlarına başlaya bilərdik. Ölkəmizdə elə milyarderlər var ki, onların birinin pulu ilə nəinki Dağlıq Qarabağı, eləcə də Ermənistanı satın almaq olar. Ermənilər necə işləyir? ABŞ-da, Rusiyada və başqa ölkələrdə milyardlar qoyub işlərini görürlər. Bəs biz? Biz bunu edə bilməzdikmi? Bundan da ayrı yollar vardır. Onlardan biri də Dağlıq Qarabağ üzərindən Azərbaycan hərbi uçaqlarının intensiv uçuş keçirməsidir. Heç olmasa üç gün. Qoy, daşnaklar atəş açsınlar. Onda adını çəkdiyiniz dövlətlərə bəyan edərik ki, biz öz ərazilərimizdə uçuşlar keçiririk. Ermənistan gəlib buraları işğal edibdir. Onda onlar da fakt qarşında qalardılar....

 

P.S. Mənim yaxın dostlarımdan bir jurnalist (indi xaricdə məskunlaşıbdır) çox-çox illər bundan qabaq ABŞ səfirinə bununla bağlı sual verəndə bildirmişdi ki, “siz nə vaxt hücum etdiniz, biz də etiraz etdik”. Bu sualı Rusiya səfirinə ünvanlayanda o da dolayısıyla eyni cavabı vermişdi. Belə-belə işlər!!! Yadda saxlayın ki, idmanda da həmişə hücum edən tərəf udur. Döyüş də belədir, müdafiə olundun, uduzacaqsan!!!

/İslaminsesi.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system