NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Müdaxilə olmasaydı Laçınımız getməzdi" - Keçmiş alay komandiri ilə söhbətdən...

Oxundu: 649

“Əgər Laçın alayı ləğv olunmasaydı və Laçına kənar qüvvələr müdaxilə etməsəydi hadisələrin gedişi fərqli ola bilərdi”

 

Azərbaycanın ayrılmaz böyük bir hissəsi olan Laçın rayonunun Ermənistan ordusu və onların havadarları olan sovet hərbi birləşmələri tərəfindən işğal olunmasından 27 il ötür. Bu gün Laçının 80 minə yaxın əhalisi didərgin həyatı yaşayır öz vətənində. Kənardan baxana döyüş asan gəlir. Bu gün bölgələrimizin işğalı barədə bir çoxları “satdılar”, “qoyub qaçdılar” ifadələrini işlədir. Amma əsl həqiqəti o döyüşlərin iştirakçısı olmuş hərbçilər, Qarabağ qaziləri  bilir. “1992-ci ilin mayında - Şuşanın işğalından sonra Laçın hansı səbəblərdən müdafiə oluna bilmədi” sualına aydınlıq gətirmək  üçün1988-ci ildən torpaqların müdafiəsinin fəal təşkilatçı və iştirakçısı, keçmiş Laçın alayının komandiri Arif Paşa ilə hömsöhbət olduq.

 

 -  Arif bəy, 1988-ci ildən bəri Laçın ərazisində sonradan sizin başçılıq etdiyiniz, alay şəklində formalaşmış özünümüdafiə qüvvələri və yerli polis erməni təxribat və hücumlarının qarşısını alırdı. Lakin 1992-ci il aprelin sonunda müəmmalı hadisələr baş verdi. Komandiri olduğunuz 811 saylı alay ləğv edildi. Bununla da sanki Laçının faciəvi taleyi həll edimiş oldu.

 

 - 1992-ci il aprelin 22-də Laçına Müdafiə Nazirliyindən “4-cü” istiqamət adlanan Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan üzrə guya rəhbər qurum yaradacaq MN zabitləri Elbrus Orucov, Məhərrəm Cahangirov və Nadir Bəxtiyarovdan ibarət bir qrup gəldi. Amma maraqlıdır ki, yaradılacaq qurumun siyahısında E.Orucovun adı yox idi. Səhv etmirəmsə, ayın 24-də E.Orucov mənə dedi ki, Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçəcək, Laçın alayı da Cəbrayılın Ziyarət dağı istiqamətindən zərbə endirməlidir. Dedim ki, bu barədə yazılı əmr göstərin. Ancaq o, əmri göstərə bilmədi. Bir gün sonra MN-dən Abil Hüseynov gəldi. O da eyni məsələni şifahi şəkildə təsdiqlədi. Sonra onlar Şuşaya getdi. Müdafiə naziri Rəhim Qazıyevlə danışdım, məlum oldu ki, Azərbaycan Ordusunun belə bir hücum planı yoxdur.

 

 

 

- O dövrdə Xankəndinə hücum hazırlandığı barədə xəbərlər yayılmışdı. Belə bir plan var idisə niyə baş tutmadı?

 

- Səhv etmirəmsə, aprelin 29-da E.Orucov Şuşadan Laçına gəldi, Ramiz Qənbərovun vurulması haqda xəbər verdi və xəritə açıb göstərdi ki, Xankəndinə hücuma hazırlaşırıq. Ona izah etdim ki, mövcud şəraiti, düşmənin gücünü, Şuşadakı qüvvələrimizi nəzərə alsaq, bu hücum əslində əsgərlərimizi mənasız qırğına göndərməkdir. Bütün bu məsələləri aydınlaşdırmaq və texniki işləri həll etmək üçün R.Qazıyevlə danışıb Bakıya getdim. Nazirlikdə təklif etdim ki, biz bir müddət erməniləri xırda döyüşlərə cəlb edib, onların insan və texniki resurslarının zəifləməsinə şərait yaratmaqla, həmin vaxtda öz qüvvələrimizi daha da gücləndirərək əlverişli məqamda genişmiqyaslı hücuma keçsək, bu, daha uğurlu nəticə verər.

 

- Bəs Laçın alayının ləgvi barədə əmri nə vaxt aldınız?

 

- Aprelin 30-da müdafiə nazirinin müavini rəhmətlik Şikar Şikarovla görüşdüm və o, mənə Laçın alayının ləğv olunacağı barədə əmr verildiyini söylədi. Sonradan məhkəmə araşdırmaları zamanı bəlli oldu ki, əmrin başlığında “811 saylı Laçın alayının 704 saylı briqadaya tabe etdirilməsi barədə” ifadəsi yazılıb, ancaq icra hissəsində qeyd edilib ki, Laçın alayı ləğv edilərək briqadanın tabeliyinə verilir. Hətta orada ayrıca bəndlərlə “A.Paşayevə 811 saylı hərbi hissənin adından əmr vermək qadağan edilir” və “Mayın 6-dək Laçında olan silah-sursat və hərbi inventarı 704 saylı h/h-nin komandirinə təhvil verilməlidir” yazılmışdı. Bunu məhkəmədə də dedim, hansı məntiqlə illər ərzində 240 km-lik perimetrdə ermənilərlə üzbəüz savaşmaqla həm hərbi, həm psixoloji hazırlığa malik təxminən 1500 nəfərlik bir heyəti olan alaya məxsus silah-sursatı anbara yığıb cəmi 146 nəfər heyəti olan komandirə təhvil verməli idim? Bu, bölgəni dəhşətli qırğın qarşısında qoymaq idi. Neçə illərdir Laçınsız, Şuşasız yaşamağımıza rəğmən o dövrdə bu təxribatın qarşısını almaqla, xalqımızı daha dəhşətli faciələrdən xilas etdiyimizə görə bu gün, bir az da olsa, təsəlli tapırıq.

 

- Arif Paşa üçün Laçınsız yaşamaq nə qədər çətindir?

 

- Laçını və laçınlıları sözlə tanıtmaq mümkün deyil. Özünəməxsus təbiəti, əxlaqi dəyərləri, mədəniyyəti, gendən gəlmə tolerant xüsusiyyətləri ilə yanaşı, yalana, nankorluğa, harama, düşmənə amansız münasibət laçınlıların səciyyəvi xüsusiyyəti idi. Laçın xalqımızın bütün mənəvi dəyərlərini özündə ehtiva edən bir türk yurdudur! Laçın türk-kürd qardaşlığının nümunəsini dünyaya qardaşlıq və tolerantlıq dərsi kimi təqdim etməyi bacaran bir yurd-oba idi. Valrlığımla sevdiyim və bağlı olduğum yurdumdan ayrı düşmək nə deməkdir, özünüz təsəvvür edin.

 

 

 

- Bu gün xalqın birliyini pozmaq, məsuliyyəti işğal olunmuş rayonlardan didərgin düşən qaçqın-köçkünlərin üstünə atmaq üçün "rayonları satdılar, xəyanətə qurban getdi, qorumadılar, qaçıb gəldilər" kimi ittihamlar səslənir.   Laçın və digər rayonlar, bütövlükdə Qarabağ işğalmı olundu, satıldımı, xəyanətinmi qurbanı oldu? Həmin gün Laçındakı hərbi sursat, texnika, canlı qüvvə rayonun müdafiəsi üçün yetərli idimi?

 

- Xəyanətin, satqınlığın olduğu yerdə silah-sursatın, eləcə də əsgəri qüvvənin kəmiyyət və keyfiyyəti heç nəyi həll etmir. Əgər Laçın alayı ləğv olunmasaydı və Laçına kənar qüvvələr müdaxilə etməsəydi hadisələrin gedişi fərqli ola bilərdi. Ermənilər Şuşa şəhərinə təqribən 8 min nəfərdən yuxarı əsgəri qüvvə ilə hücum etmişdilər. Laçına hücum zamanı bu qüvvələrə, Ermənistan tərəfdən sayı 2500 nəfərdən yuxarı şəxsi heyəti və 55 zirehli texnikası olan “Davud Sasunski” alayı da qoşuldu. Amma relyefin və bizim qabaqcadan gördüyümüz tədbirlərin yaratdığı üstünlüklər bu qüvvələri məhv etmək üçün real imkanımız olduğunu deməyə əsas verirdi. Laçının iki qapısı var idi: biri Ermənistan, digəri Dağlıq Qarabağ tərəfdən. DQ tərəfdən bizim qüvvələr nə qədər möhkəm dayansalar, Laçın alayının qüvvələri daha möhkəm dayanacaqdılar. Çünki geridə onların torpağı, anası-bacısı, ailəsi var idi. Ancaq Qarabağ istiqamətindən bizim ordu geri qaçacağı təqdirdə Laçın alayının da döyüşçüləri arvad-uşağı qorumaq üçün Laçına gəlməyə məcbur idi. O zaman təklif etdim ki, Laçın alayının çox hissəsini Qarabağ istiqamətinə göndərək, çünki əsas təhlükə oradan gözlənilirdi. Sərhəddə isə Şuşadan çıxmış qüvvələrin və yeni gələnlərin sağlam hissəsini yerləşdirək. Ancaq artıq Şuşanın işğalından sonra mayın 10-da E.Orucov məlumat verdi ki, guya mayın 13-də gecə saat 3:45-də Ermənistan tərəfdən Laçına 4 istiqamətdən hücum gözlənilir, ona görə də Laçın alayı sərhəddə qalmalıdır. Sonradan məlum oldu ki, bu da yalandır. Və nəticədə əsas zərbə Qarabağ istiqamətindən endirildi, onların qarşısını almalı olan kənardan gələn qüvvələr isə ciddi müqavimət göstərə bilmədi və çox hissəsi də zirehli texnikalarla birgə Bakıya tərəf üz tutdu. Hələ mayın 16-da bir dəstəni Şuşa yolundakı körpünü partlatmaq üçün göndərdim. Kənar qüvvələrdən olan digər dəstəni isə laçınlı rəhmətlik Rafael Məhərrəmovun başçılığı ilə Qaladərəsi kəndini nəzarətdə saxlamaq üçün oraya göndərdim. Ancaq 17-də məlum oldu ki, həmin əsgərlər R.Məhərrəmova tabe olmayaraq qaçıblar. Və ermənilər Laçından atıcı silah məsafəsində olan Qaladərəsini ələ keçirdilər. Oradan isə həm Laçın-Şuşa, həm də Laçın-Qubadlı yolunu nəzarətdə saxlamaq mümkün idi. Bundan sonra artıq Laçının taleyi həll olundu. Biz sursatımız bitənədək “qrad”la ermənilərin Şuşa istiqamətindən gələn qüvvələrini vurduq. Artıq axşama yaxın gözümüzün qarşısında Laçına Ağanus və Zerti kəndləri istiqamətindən erməni qüvvələri daxil olmağa başladı. Beləliklə, mayın 17-si gecə saat 23.45-də düşmənin ilk dəstələri üç istiqamətdən Laçın şəhərinə daxil oldu. Xəyanət sözsüz ki oldu, amma əliyalın dinc sakinlər tərəfindən deyil. Məhz onlar ən böyük xəyanətə məruz qaldılar, ev-eşiklərini, doğmalarını  itirdilər.

 

- Bəzən partizan müharibəsindən və yaxuf diversiya qruplarının hücumlarının səmərə verə biləcəyindən bəhs edilir. Keçmiş hərbçilərin təcrübəsindən istifadə olunması ilə bağlı nə deyə bilərsiniz?

 

- İşğal altındakı ərazilərimiz partizan döyüşlərinin aparılmasının effektivliyi baxımından orta qiymətləndirilsə də, bu, vacib və zəruri məsələlərdəndir. Nizami ordunun əsas zərbə istiqamətlərində xüsusi partizan (təxribat) qruplarının, ilkin effektiv zəmin yaratması baxımından fəaliyyəti çox lazımlıdır. Çox az ölkə Azərbaycan kimi praktik döyüş təcrübəsinə malik kontingentə sahibdir. Keçmiş hərbçilərin  döyüşkənlik parametrləri ilə indiki təchizat-təminat və s. məsələləri birləşdirə bilsək, möhtəşəm və çox şeyə qadir hərbi imkanlar əldə edə bilərik.

 

 

 

- Bəzən ermənilərin Laçında, Şuşada, Qarabağın ən dilbər guşələrində məskunlaşması, Azərbaycanın tarixi torpaqlarında kef və əyləncə məclisləri qurmasını əks etdirən videokadrlar yayımlanır. Keçmiş döyüşçü, bir laçınlı kimi o anlarda hansı hissləri keçirirsiniz?

 

- Ən ağrılı yerimə toxundunuz. Özümü çox pis hiss edirəm! Halbuki mənim, onun, bizim tikdiyimiz  evlərdə - başqasının Vətənində, başqasının yurdunda, başqasının evində oturub, başqasının haqqına sahib olmaq iddiasında olan bədbəxtlər özlərini daha pis hiss etməlidirlər. Bu torpaq nə vaxtsa orada kef məclisləri quran yağının  məzarına çevriləcək!

 

İslaminSesi.info

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system