NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mübarək izdivac və nümunəvi ailə modeli - Hacı İlham Əliyev

Oxundu: 160
Mübarək izdivac və nümunəvi ailə modeli - Hacı İlham Əliyev

Hacı İlham Əliyev: “Sadə yaşayışlarına rəğmən İmam Əli (ə) və Fatimeyi-Zəhra (s.ə) Allaha və bir-birinə sıx bağlıydı, ürəkləri İlahi eşqlə doluydu, onlar mübariz ruhlu, şəhidpərvər, din, mənəvi dəyərlər üçün canını fəda edən, övladlarını da məhz bu ruhiyyədə tərbiyələndirən insanlar idi”

 

Bu gün İslam dünyasında müqəddəs, gözəl bir gün qeyd olunur. Hicrətin ikinci ilində, Zilhiccə ayının birinci günündə dünyanın iki ən böyük şəxsiyyəti - Həzrət Əli (ə) ilə Xanım Fatimə (s.ə) həyatlarını birləşdiriblər. Əxlaq alimlərinin buyurduqlarına görə, Həzrət Fatimə yalnız özü kimi böyük bir iman və əxlaqa sahib birisiylə evlənə bilərdi, həmin şəxs də Həzrət Əlidən başqası olmazdı.

 

İslam dininin yayılmasında böyük əhəmiyyət daşıyan bu evliliklə bağlı İslaminSesi-nə danışan Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev İslam Peyğəmbərinin (s) qızı, Əhli-Beytin anası Fatimeyi-Zəhranın (s.ə) Həzrət Əli (ə) ilə izdivac günü münasibətilə müsəlman Azərbaycan xalqına təbriklərimi çatdırdı. Və qeyd etdi ki, bu izdivac günü İslam aləmində ən müqəddəs, ən əlamətdar günlərdən biridir.

 

- Bismillahir Rəhmanir Rəhim. Hədislərə, Məhəmməd Peyğəmbərin (s) kəlamlarına əsasən, bu izdivac Allahın vəhyi ilə baş tutub. Nəql olunur ki, bir çoxları Rəsulallahın qızı ilə evlənmək istəyib, lakin onlar Peyğəmbərdən (s) “Fatiməni evləndirmək Allahın icazəsindən asılıdır” cavabını alıblar. Rəvayətlərdə qeyd olunur ki, mühacir və səhabələrin məsləhəti ilə Həzrət Əli Peyğəmbərin (s) hüzuruna gəlir və qızı Fatimə ilə evlənmək istədiyini bildirir. Üzündə təbəssüm yaranan Rəsulallah, sevimli qızını yanına cağırıb, ondan evlənməyə razı olub-olmadığını soruşur. Xanım Fatimə gözlərini yerə dikib sükut edir. Bunu görən Peyğəmbəri-Əkrəm sevinir və “Allahu-Əkbər” deyib ətrafda olan insanlara qızının Həzrət Əli ilə evlənməyə razı olduğunu deyir. Rəsulallah Bilala deyir ki, camaatı məscidə dəvət etsin. Səhabələr, əhali məscidə toplaşır. Peyğəmbər (s) minbərə qalxıb, iki gəncin nikah əqdini məsciddə insanların hüzurunda oxuyur.

 

O dövrdə Rəsuli-Əkrəm 10 il Mədinədə yaşadı. Mədinə hakimiyyətinə rəhbərlik edən Məhəmməd Peyğəmbər (s) yorulmadan İslam dinini təbliğ edir, bütün bəşəriyyətə yol göstərirdi. Tarixdə yazılanlara görə, həmin illər ərzində təxminən 60 müharibə baş verib. Və Həzrət Əli (ə) bir neçə döyüşdən başqa bütün döyüşlərdə iştirak edib. Əli əleyhissəlam müharibədə olanda evin bütün işləri, uşaqların tərbiyəsi Fatimeyi-Zəhranın öhdəsinə düşüb.

Xanım Fatimə həm də yaxşı həyat yoldaşı olub. O Xanım Həzrət Əliyə (ə) böyük ehtiram bəsləyib, qayğısına qalıb, dünya və Axirət işlərində ona yardım göstərib. Fatimeyi-Zəhra döyüş meydanlarından evə yorğun, yaralı qayıdan həyat yoldaşını ruh yüksəkliyi, sevgi ilə qarşılayıb. Bütün bu çətinliklərin öhdəsindən gələn Zəhra salamullahu-əleyha fövqəlgücə sahib idi. Bu fövqəlgücün kökündə isə İlahi eşq və məhəbbət dayanırdı.

 

 

- Qız uşaqları üçün cehiz vermək müsəlman aləminin qədim adət-ənənələrindən biridir. Maraqlıdır, Peyğəmbər qızının gəlinlik cehizləri nələrdən ibarət olub?

 

- Qoyduğunuz sual bütün dövrlər üçün aktualdır. Bu baxımdan Peyğəmbərin qızının mehriyəsinə, cehizlərinə hər zaman diqqət edilməlidir.

Həzrət Əli ilə Xanım Fatimənin izdivacı çox sadə, dəbdəbəsiz olub. Həzrət Peyğəmbərin göstərişilə bir qoyun kəsilib, gələn qonaqlar üçün təam hazırlanıb, həmin yeməyin bir hissəsi qadınlara göndərilib, hətta yoxsul ailələrə də paylanıb. 

 

Həzrət Fatimənin cehizi bu şəkildə sadalanır: Rəsulallahın tövsiyəsinə uyğun olaraq Həzrət Əli zirehli döyüş libasını satıb Fatimə (s.ə) üçün gəlin libası, hicab, xurma liflərindən doldurulmuş döşək, bir həsir, bir əl dəyirmanı, bir su qabı, kasa, torpaqdan düzəldilmiş bir neçə ədəd saxsı qab və başqa ev əşyaları alıb. Sadə, palçıqdan və bir otaqdan ibarət evləri olub.

 

- Yeni həyata başlayan ailəyə cehiz vermək onların yaşayışını asanlaşdırmaq məqsədi daşıyır və zəruri hesab olunur. Amma bu iki böyük şəxsiyyətin sadə yaşayışından belə nəticə çıxarmaq olar ki, insanı xoşbəxt edən heç də təmtəraqlı həyat, ümumiyyətlə maddiyyat deyil.

 

- Bəli, sadə yaşayışlarına rəğmən İmam Əli və Fatimeyi-Zəhra Allaha və bir-birinə sıx bağlıydı, ürəkləri İlahi eşqlə doluydu. Onlar mübariz ruhlu, şəhidpərvər, din, mənəvi dəyərlər üçün canını fəda edən, övladlarını da məhz bu ruhiyyədə tərbiyə edən insanlar idi. İndiki terminlə desək, onlar çox sadə həyat tərzlərilə cəmiyyətə mesaj verdilər ki, əsas məsələ maddiyyat yox, mənəviyyatdır, İlahi eşqdir..

 

Xanım Fatimə vilayət yolunun ilk şəhidlərindən, fədailərindəndir. İmam Əliyə təzyiqlər, zülmlər başlayanda, o Xanım meydana atıldı, Allahın əmrini, Həzrət Əlinin vilayətini müdafiəyə qalxdı. Öz şəhadətilə həqiqətin tapdalanmasına imkan vermədi. İmam Həsən (ə), İmam Hüseyn (ə), Həzrət Zeynəb (s.ə) də həmin ruhiyyəni yaşatdılar.

 

- Hacı, bu izdivacın, İslam dininin yayılmasında, İlahi eşq uğrunda mübarizədə əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 

- Bu mübarək izdivacın bərəkəti idi ki, Xanım Fatimə (s.ə) 11 İmam anası oldu.  Xanım Zəhranın (s.ə) övlad tərbiyəsində misli-bərabəri yox idi. Fatimə salamullahu-əleyha bəşəriyyət üçün İmam Həsən (ə), İmam Hüseyn (ə), Xanım Zeynəb (s.ə) və Ümmü-Gülsüm kimi şəxsiyyətlər yetişdirdi. Onların hər biri İslam dini uğrunda canlarından və mallarından keçdi. Əslində, bu, İslam dininin buyruqlarına əməl edən İmam Əli və Xanım Zəhranın böyüklüyünün, əzəmətinin, təlim-tərbiyəsinin nəticəsiydi. Bu izdivacdan şəhadət məktəbi – İmam Hüseyn (ə) məktəbi yarandı ki, 1400 ildir müsəlman aləmi, bütövlükdə bəşəriyyət ondan bəhrələnir. Bu isdivac İslamı yaşatdı və Qiyaməqə qədər yaşadacaq.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system