NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 1161BÜTÜN YAZILAR
Allahdan bəndəsinə sevgi məktubu...
Xəyal Şükür
Allahdan bəndəsinə sevgi məktubu...
11:10, 12.02.2018

Xəyal Şükür, İslaminSesi

“5-ci sinifdə oxuyanda məktəbdə sevdiyim qız mənə bir məktub yazmışdı. Məktubu evdə arxası zəncirbəndli olan xüsusi oyuncaq ayı balasının içində saxlayırdım. İçindəki mətini dəfələrlə oxumuşdum və nə yazıldığını bəlkə də əzbərləmişdim. Amma bütün bunlara rəğmən məktubu hər dəfə əlimə alanda qəribə hisslər keçirirdim. Gizli şərait və zaman olan kimi dərhal açıb baxardım. Hər dəfəsində də həmin həyəcan və hisslər dəyişməz olaraq qalırdı. Məktuba qarşı bu hisslərin səbəbi isə onun məhz sevgilim tərəfindən yazılması idi.. “


Bu sözləri mənə yaxın dostlarımdan biri aramızda baş tutan səmimi söhbət əsnasında uşaqlıq illəri ilə bağlı xatirələrini bölüşərkən söyləmişdi.

Bəlkə də bu danışdığım olay hər birinizin həyatında müxtəlif formalarda öz əksini tapıb... Artıq o dövr keçib və keçmişdə qalıb, hər birimiz ağıllı-başlı bir insana çevrilmişik.. Hər bir halda keçmişdə baş verənlər insanın gələcəyi taleyi üçün bir təcrübə və körpüdür ki, məhz keçmişdə baş verənlər əsasında gələcəkdə atacağı addımları planlaşdırır.

Amma bu hadisəni eşitdikdən sonra neçə gündür bir məsələ haqqında düşüncələr məni çox duyğulandırıb. Bəlkə də sizi də duyğulandıracaq. Məgər indiyə qədər heç özünüzə sual etmisiz ki, Allah müqəddəs Qurani-Kərimi niyə məhz məktub formasında bəndələri üçün göndərib? Və ya 1400 ildir müqəddəs Qurani-Kərimi bütün pisliklərdən və təhriflərdən qoruyaraq nə üçün bəndələrinin ixtiyarında qoyub.. ?

Məncə Allah bu işdə hikmətlərindən biri də onu sevən bəndələrinə qarşı məhəbbəti ilə bağlıdır.

Bir növ onu sevən bəndələri darıxanda və ürəkləri rəbblərini istəyəndə məhz Quranı evin ən yuxarı və təmiz yerinə qoyduqları məkandan götürərək ürəklərinə sıxsın və bir növ öz məhbublarının onlara dedikləri sözləri oxusunlar.

And ola aləmlərin rəbbinə ki, müqəddəs Qurani-Kərim sevgi məktubundan da şirin və duyğusaldır. Sadəcə ona bizim necə yanaşmamız mühüm məsələdir.

Dostum özünün uşaqlıq sevgisi ilə bağlı danışdıqca gözümün önündə özüm də daxil olmaqla müsəlmanların müqəddəs Qurani-Kərimə münasibəti canlanırdı. Və kövrəlirdim və Allahın mənə qarşı göstərdiyi məhəbbət müqabilində onun aramızdakı höccətinə (Qurani-Kərim) qarşı sərgilədəyim münasibət içimi ağrıdırdı.

Öz-özümə sual edirdim ki, görəsən biz nə vaxtsa məhz dostumun öz sevgisindən gələn məktuba qarşı göstərdiyi duyğusallıq və diqqət qədər, bizlər də sevgisinə iddia etdiyimiz izzət və cəlal sahibi olan Allahın bizlər üçün göndərdiyi müqəddəs Qurani-Kərimə duyğusal və diqqətcilikmi?

Sonuncu dəfə görəsən nə vaxt müqəddəs Qurani-Kərimi məhz məhbubumuzun bizə göndərdiyi kitab kimi açıb hətta oxumasaq belə bağrımıza basıb gözümüzün üstünə qoymuşuq? Məgər hazırda əziz islam peyğəmbəri(s), Allahın həbibi yanımızda olsa idi, ona sarılıb, doyunca ətrini qoxulamazdıqmı? O, Həzrəti sevə-sevə məgər bağrımıza basmazdıqmı? Əlbəttə edərdik. Məgər müqəddəs Qurani-Kərimin əziz islam peyğəmbərindən və Həzrəti Məsum(ə)-dan fərqi nədir? Eyni nur və həqiqət deyilmidirlər? .

Təsəvvür edirsiz aləmlərin rəbbi olan Allah sevərək məhəbbət üzündən yaratdığı bəndəsinə ayrıca bir məktub da göndərib. Hələ bu azmış kimi həmin məktubda bəndəsinə “Ey Rəsulum günahkarlara müjdə ver”, “Denən mən bəndələrimə çox yaxınam və onları sevirəm”, “Mənim rəhmətim və məğfirətim çox genişdir” – deyə sevgi mesajları da göndərib. Sizcə bütün bunlara rəğmən heç insafdandır ki, əziz və sevdiyimiz insandan gələn “whatsapp”, “messenger” və digər formalı mesajları anınca da açıb oxuduğumuz halda, izzət və cəlal sahibi, aləmlərin Rəbbi olan Allahın bizlər üçün göndərdiyi kitabın üzünü günlərlə, aylarla və bəlkə də illərlə açmayaq!?

YAZARIN DİGƏR YAZILARI