NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Köhnə siyasətçi yeni qiyafədə - Düşmənimizin “sintetik dil qohumunu” dilləndirən nədir?

Oxundu: 502
Köhnə siyasətçi yeni qiyafədə - Düşmənimizin “sintetik dil qohumunu” dilləndirən nədir?

Arzu Nağıyev: “Azərbaycan birmənalı şəkildə dərk etməlidir ki, xarici siyasətdə dostluq ənənələri yox, ümumi maraqlar olur”

 

Bir neçə gün əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin işğalçı Ermənistanla bağlı səsləndirdiyi xoş sözlər Azərbaycan cəmiyyəti üçün gözlənilməz oldu.

 

Belə ki, Tokayev “Ermənistanın səsi” qəzetinə açıqlamasında bildirmişdi. “Mən Ermənistana böyük simpatiya ilə yanaşıram, bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram”.

 

Nəzərə alsaq ki, Qazaxıstan da Rusiya və Ermənistanla eyni hərbi alyansda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur, onda Qazaxıstanın yeni prezidentinin erməni və Ermənistan sevgisi Qarabağ münaqişəsi ilə bağlı hansı problemlər yarada bilər?

 

Politoloq Arzu Nağıyev “İslamınsəsi”nə münasibətində qeyd etdi ki, Qazaxıstan prezidentinin söylədikləri onun şəxsi fikridir və belə məqamlar Qarabağ  məsələsinə hansısa problem yarada bilməz: “Qazaxıstan prezidentinin şəxsi fikri hələ o demək deyil ki, rəhbərlik etdiyi dövlət Ermənistanın apardığı siyasəti, yaxud hansısa prinsipləri tam dəstəkləyir. Dediyim kimi,Tokayevin ifadə etdikləri şəxsi fikirdən başqa bir şey deyil. Çox güman ki, o, jurnalistin sualına cavab olaraq bunları söyləyib.

 

Bəli, Qazaxıstan Ermənistanla eyni hərbi təşkilatda təmsil olunur, lakin Qarabağ məsələsində Azərbaycanı daim dəstəkləyir. Hətta sabiq prezident Nursultan Nazarbayev Ermənistan prezidentinin onunla əlaqə qurmasının əleyhinə idi. Ümumiyyətlə, hər bir dövlət başçısının, o cümlədən prezident Tokayevin də öz düşüncəsi ola bilər. Amma o, öz fikrini dövlət və dövlətçilik prinsipinə yönəldə bilməz.

 

Hər halda Azərbaycan birmənalı şəkildə dərk etməlidir ki, xarici siyasətdə dostluq ənənələri olmur, ümumi maraqlar olur. Və düşünürəm ki, belə situasiyaları dini inanc və etnik məsələlərlə əlaqələndirmək düzgün olmazdı.

 

Onu da deyim ki, Azərbaycanı strateji partnyoru hesab edən Qazaxıstan Ermənistanla da normal münasibətlərə malikdir. Nəzərə almalıyıq ki, hər bir dövlətin öz strategiyası, öz planı var”.

 

P.S. Əlbəttə, müsahibimizin fikirlərinə hörmətlə yanaşırıq. Amma eyni zamanda onu da əlavə edərək xatırladaq ki, vaxtilə Astanada Avrasiya İttifaqı təsis olunarkən məhz Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu oxuyandan sonra Ermənistan geri addım atmağa məcbur olmuşdu. Doğrudur, Nazarbayev də zamanında həbsdə olan Köçəryana məktub yazmış, dost olduğunu və onu dəstəklədiyini bildirmişdi. Ancaq bu, bütövlükdə Ermənistana deyil, fərd olaraq Köçəryana göstərdiyi münasibət idi. Tokayev isə işğalçı Ermənistan dövlətinə simpatiyasını ortaya qoyur. Və bu simpatiya nə vaxtsa KTMT-nin Qarabağla bağlı verə biləcəyi qərarların icrasında da özünü göstərə bilər. Bunun belə olmayacağına heç kəs qarantiya verə bilməz.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system