NAMAZ VAXTLARI:
  • FƏCR 04:35
  • GÜN 06:01
  • ZÖHR 12:43
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Allaha təslimçilk ruhiyyəsi – Qurban ayinlərinin əsasında Allaha sevgi və paklıq durur

Oxundu: 198
Allaha təslimçilk ruhiyyəsi – Qurban ayinlərinin əsasında Allaha sevgi və paklıq durur

Hacı İlham Əliyev: “Qurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirmək, sevincinə şərik olmaq və beləliklə Allaha təslimçilikdir”

 

Qarşıdan İslam dünyasının ən müqəddəs bayramlarından sayılan və bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunan Qurban bayramı gəlir. Dinimizin ən vacib sayılan fərzlərindən biri kimi bu bayram özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında çox geniş yayılıb. O, Quranın müəyyən etdiyi dini tələbdir, müsəlmanların riayət etdiyi ümumi mərasimdir.

 

Bəs bütövlükdə Qurban bayramının mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?

 

İslaminSesi-nin bu və digər suallarına aydınlıq gətirən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevin müsahibəsini saytın oxucularına təqdim edirik.

 

- Bismillahir Rəhmanir Rəhim. Əvvəla, qarşıdan gələn Qurban bayramı münasibətilə müsəlman Azərbaycan xaıqını, dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm.

 

Bildiyiniz kimi, Qurban bayramı həzrət İbrahim peyğəmbərdən və İsmayıl peyğəmbərdən qalan bir ayindir. Allah-Taala İslam dinində onun əməllərini bizim üçün təsdiqləyib. Hədislərimizdə də bəyan olunur ki, Allah-Taalaya sizin kəsdiyiniz qoyunun qanı və əti lazım deyil. Allahın istədiyi sizin təqvanız və imanınızdır. İnsan bu hədislərə diqqət edir və Qurban bayramının mahiyyəti haqda düşünür. Və dərk edir ki, ibrət alınmalı olan, insanın Allah qarşısındakı təslimçilik ruhiyyəsidir.

 

Bəzi tarixçilərin yazdığına görə, Allah-Taala İbrahim peyğəmbərə 90 yaşını keçəndən sonra övlad verdi. Diqqət edin ki, dualar müstəcəb ola, Allah ona İsmayıl kimi bir oğul nəsib edə və oğul da yetkinlik yaşına çatıb atanın əlindən tutduğu belə bir vaxtda İlahidən əmr gələ ki, həmin uşağın başını mənə xatir kəsməlisən. İbrahim peyğəmbər Allahın bu göstərişinə heç bir etiraz etmədi. Nəinki həzrət İbrahim, hətta oğlu İsmayıl da bu göstərişi atası ilə bölüşdü. Yəni gənc olmasına baxmayaraq atasının dediyinə təslim oldu. Və dedi ki, əgər bu İlahi bir vəhydirsə, heç bir tərəddüd etmədən mənim başımı kəsməli, Allah dərgahında qurban etməlisən. Ata kimi oğul da özünün Allah qarşısında təslimçilik ryhiyyəsini göstərdi.

 

Onlar son həddə qədər gəldilər. İbrahim bıçağı İsmayılın boğazına qoydu. Kəsmək istəyəndə bıçaq kəsmədi. Nəql olunur ki, bu vaxt həzrət İbrahim qəzəblənərək əlindəki bıçağı zərblə qayaya tulladı. Bu zaman İsmayılın başını kəsməyən bıçaq, qayanı iki hissəyə böldü. Allah İsmayılın əvəzində mələklər vasitəsilə bir qoç göndərdi. İbrahim qoçun başını kəsdi. Sanki Allah-Taala bizə bunu başa salmaq istədi. Və bu mərasimi İslam dinində təsbit elədi. Qurban kəsməyi Məkkəyə müşərrəf olan zəvvarlarımıza vacib elədi.

 

Yeri gəlmişkən, qeyd edim ki, həcc mərasimi vaxtı Məkkədə qurban kəsmək vacib əməldir. Yəni həcc ayinini yerinə yetirən hər bir kəsə Mina dağında qoyun kəsmək vacibdir. Amma Məkkədən kənar qurban kəsmək müstəhəb əməldir. İnsan bu yolla Allah qarşısındakı təslimçiliyini elan edir ki, İlahi, mən Sənin müqabilində təsliməm və Sən deyənlərə tam itaətkaram. Allah-Taalanın bəndəsindən istədiyi bu ruhiyyədir. Yəni insan tam təslim olur və bu təslimçiliyini əməli ilə simvolk olaraq Allaha elan edir. Əməllərin içində bu düşüncələr insanın nəzərindən yayınmamalıdır.

 

Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Qurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirmək, sevincinə şərik olmaq və beləliklə Allaha təslimçilikdir. Bu bayramın və ayinin əsasında xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur.

 

- Hacı, bəs mənəvi baxımdan, insanların bir-birinə qarşılıqlı münasibəti nöqteyi-nəzərindən Qurban bayramının, ümumiyyətlə qurbankəsmə mərasiminin hansı əhəmiyyəti var?

 

- Bu əməlin insanlar üçün həm ictimai, həm də fərdi tərəfdən müsbət təsirləri var. Fərdi təsirlər, qeyd olunduğu kimi, Allahla insanlar arasındakı rabitənin möhkəmlənməsinə, sağlamlaşmasına, Allaha təslimçiliyinə və bununla da insanın mənən rahatlığına, nəticədə isə bütövlükdə sağlam cəmiyyətin yaranmasına  xidmət edir. Eyni halda ictimai mənfəətləri də var. Hədislərimizdə, ümumiyyətlə dinimizin təlimatında var ki, insan qurban kəsəndə onu özünün tək yeməməsi, ehtiyacı olan insanlarla da bölüşməsi, sədəqə verməsi, hədiyyə etməsi müstəhəbdir. Yəni bu baxımdan kəsilən heyvan üç hissəyə bölünməlidir. Bir hissəsi hədiyyə olunmalı, ikincisi kasıblara sədəqə verilməli, üçüncü hissəsini isə özü istifadə etməlidir.

 

Göründüyü kimi, bu əməlin insanların bir-biri ilə ünsiyyətində, ictimai münasibətlərində, səmimiyyəti və mehribançılığında da böyük xidmətləri var. Bunu belə bir keyfiyyətdə başqa əməllərdə tapmaq mümkün deyil.

 

- Bəs bu əməlin insanlarda qətiyyətlilik və cəsarətlə bağlı xarakterin formalaşması baxımından əhəmiyyəti haqda nə deyə bilərsiz?

 

- Şübhəsiz ki, belə bir xarakterin formalaşmasında da böyük əhəmiyyət daşıyır. Əgər insan Allah-Taalanın əmrinə, göstərişlərinə imanla yanaşsa və bilsə ki, Onun əmrlərində bəndələrin xeyrinə olmayan bir şey yoxdur, o zaman insanda xüsusi bir cəsarət, xüsusi bir fədakarlıq ruhiyyəsi formalaşır. Özündə elə bir cəsarət tapır ki, Allah yolunda hətta canını belə fəda etməyə hazır olur.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system